Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı aktrisa ayrıldığı həyat yoldaşından danışdı: "O, məni necə kor etmişdisə…" - FOTO

  4
21:10 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanlı aktrisa-aparıcı Könül Yusifqızının Paralel.az-a müsahibəsi.

- Könül xanım, uzun illərdir incəsənət sahəsindəsiniz. Sizcə, bu sahədə olmaq üçün təhsil mütləqdir, yoxsa zirəklik və istedad?

- Əsas istedaddır. İstedad üstəgəl təhsil olanda lap yaxşı olur. Zirəklik istedadsız adamlarda olur. İstedadsız insan çox vaxt ləng hərəkət edir.

- Sizdə bunlardan hansı daha çox oldu və hansına görə həyatınızı düzgün qura bildiniz?

- Zirəklik olmadığı üçün, deməli, istedad və təhsil var. Amma həyatımı düzmü qurdum, ya səhvmi bilmirəm.

- Çox səhvlər etmisiz?

- Kim ki deyir başqasının səhvindən öyrənirəm, yalan söhbətdir. Adamın öz başı daşa dəyməsə, baş ağrısını hardan bilə bilər ki? Odur ki, hərdən səhvlər edirəm.

- Sizcə, daha çox kişilər səhv edir, yoxsa qadınlar?

- Həə...! Daşlı-kəsəkli yola saldınız məni. Məncə, qadının elə səhvləri var ki, yanındakı kişiyə yazılır.

- Qadın səhv edirsə, burada kişinin nə günahı var?

- Xanım incə, zərif və ağıllı məxluqdur. Əlbəttə ki, istəyir ki, güclü,əzəmətli kişiyə sığınsın. Əgər dağ təpədirsə, səhvlər də olacaq. Qadın tək olanda daha az səhv edir, məncə.

- Siz "təpə" sözü ilə artıq kişilərin bostanını daş-qalaq etdiniz.

- Hələ dərələr də var (gülür). Biz incəsənətə bağlı xanımların yanında lap ən hündür zirvə olmalıdır. Bir misal çəkim.. Kişinin yanındakı xanımı yarıçılpaq şəkildə məclisə aparmağı mənə qəribə gəlir. Kişi xanımını gətirib səhnədə oxutdurub, kənarda durub baxmağı, hələ kimsə nəsə deyəndə səhnədə xanımı göstərib, "özünə deyin" deməyi mənim aləmimdə qəbuledilməz bir hərəkətdir.

Ya gətirmə evdə oturt xanım kimi bax, işə göndərirsənsə, gəlib əl-ayağına dolaşma.

- Bu sözləriniz konkret kimə aiddir?

- Mən ümumi danışıram, hər kəsin həyatı özünə aiddir. Bu, sadəcə, mənim subyektiv fikrimdir.

- Siz bu cür həyat yoldaşını qəbul etməzsiniz?

- Xeyr, mən qəbul etməzdim.

- Könül xanım, bayaqdan dağdan, arxadan danışırsınız. Sizin də bir zamanlar həyat yoldaşınız var idi. O, sizə dağ ola bilmədi, yoxsa özünüz onun sizi qorumasını istəmədiniz?

- Mən qızımın atasını çox sevmişəm, o, elə mənim üçün dağdır. Ayrılsaq da, dost münasibətimiz qalıb. Birlikdə olmamağımızın başqa səbəbləri var ki, bu səbəblər yalnız ikimizə aiddir. Amma o, dünyanın harasında olursa-olsun öz dağlığında qalır.

- Çox uzaqlardadır?

- Bəli. Allah onun da, mənim də yolumu açıq etsin.

- Ayrılarkən qızınız sizə öz münasibətini bildirdi?

- Biz dəfələrlə küsüb, ayrılıb barışmışıq. Amma bunu uşaq heç vaxt hiss etməyib. Bizim münasibətlərimizin qızıma heç bir aidiyyəti yoxdur. O, atasını çox sevir, atasının qohumları ilə danışır. Biz əvvəlindən dost kimi başlamışdıq. Bizim qəribə mentalitetimiz var. Düzdü, artıq bu mentalitetdən əsər-əlamət qalmayıb. Boş-boş mentalitet deyirik. Ata ilə ana ayrılan kimi ana atanı "xortdan" edir. Ayrılanda ata artıq, ata deyil ki?

- Sizə qarşı hansı bağışlanmaz səhv edib ki, yenidən bir araya gələ bilmirsiniz?

- Adam sevəndə kor olur, nətər kor eləmişdisə səhv-düz görməmişəm (gülür).

- Yenidən ailə kimi heç vaxt birləşməyəcəksiniz?

- Bilmirəm.

- Amma sizdə istək var, ya da elə görünür. Qarşı tərəf də sizin haqqınızda müsbət fikirdədir?

- Onda istək olmasaydı, dəfələrlə barışmazdı.

- Əslində, qadın kişini bezdirir, yoxsa kişi qadını?

- Hələ o qədər ailə stajım yoxdur ki, bu suala cavab verim. Özümü lap psixoloq kimi hiss etdim (gülür).

- İkinci ailə haqqında düşünmürsünüz?

- Hələ dayan görək, təzə ayrılmışıq (gülür). Amma heç kəs heç nədən sığortalanmayıb.

- Ayrılarkən ailənizdən sizə qarşı sərt təpki gəldi?

- Mən sərbəst düşüncəli biriyəm. Aktrisa olmaq istəyəndə, səhnədə, televiziyada məni ailəm görəndə sərt təpkilər edərdi, bütün nəsil mənə qarşı gələrdi. Bu sevdaya da düşəndə istədilər ki, mənə qarşı gəlsinlər. Onlar bilirdilər ki, mənə qarşı gəlmək mümkün deyil. Artıq yaş o yaş deyil. Heç yaş o yaş olanda da məni fikrimdən döndərə bilməyiblər. Heç kimə ixtiyar verməmişəm ki, şəxsi həyatıma qarışsın. Ona-buna müdaxilə etməkdən bir az uzağam. Heç vaxt heç kimi qınamamışam. Mən mentalitetlə yaşayan adam deyiləm, sərbəst düşüncəli, müasir fikirli biriyəm. Amma adət ən-ənələrimizi, müqəddəs sayılan hər şeyi qorumağı sevirəm. Bizdə kimsə ayrılanda oğlana bir "şəbədə" qoşurlar, qız ailə qurdusa, bütün nəsil müdaxilə edir. Oğlanın bibisi nəvəsi deyir ki, arvad belə olar, qızın əmisi qızı deyir ki, kişi elə olar. Nəyə lazımdır axı bunlar?

- Sərbəstliyiniz başınıza bəla olub?

- Səhnədə, sənətdə komplekssizəm.Sərbəstliyim hərdən mənə mane də olur. Bir də görürsən ki, bir məclisdə və ya çəkilişdə kiməsə xoş yanaşıram, çalışıram ki, sərbəst olsun. Fərq etmir qadın, ya kişi. Həəəə, görürəm ki, olmaz. O dəqiqə özlərini mənimlə eyni tərəziyə qoymaq istəyirlər. Yekəxana görünsə də, bu faktdır. Əksinə daxilən və xaricən sərbəst olmaq çətin bir şeydir. Yəni o qədər özündən rahat, arxayın, özünə güvənli olmalısan ki, sərbəst ola biləsən. Kimin haqqımda nə deyəcəyi məni qətiyyən maraqlandırmır, gec-tez kimin, kim olduğu bilinir. Bütün incəsənət aləmində olan insanlar kimi mən də haqqımda deyilənləri eşidirəm. Deməli, maraqlıyam, üstünəm ki, deyirlər də.

- Qınanmağınızın bir səbəbi də açıq-saçıq geyinməyinizlə bağlıdır. Bu, sizi narahat etmir ki?

- Bəli, çox söyüşlər, təhqirlər yazırlar. "My name is İntiqam" filmindəki fraqmentə görə bir bilsəniz ki, nə qədər rəylər yazmışdılar. Qızımın atası mənə "allı-güllü" sözlər də yağdırdı (gülür). Buna görə də il yarım küsülü qaldıq. Bir az bəzilərində savad azlığı var. Hollivudda striptiz səhnəsinə çəkilib, "Oskar" alsaydım, bəh-bəhlə mənə tərif yağdıracaqdılar. Türk seriallarındakı öpüşmə səhnələrinə dördgözlü baxırlar. Bizdə buna görə hələ serial, film sahəsi tam inkişaf edə bilmir. Ssenaristlər düşünür ki, bunu desək, düz olmur, onu desək, düz olmur. Filmin, səhnənin, televiziyanın həyatdan fərqli olduğunu bəzi savaddan kəm insanlara aşılamaq lazımdır.

- Nə vaxtsa belə səhnələrə son qoyacaqsınız?

- Bizdə çəkilən səhnələrdə nə var ki? Hələ son vaxtlar arıqlaya bilmirəm. Arıqlayan kimi açıq-saçıq fotosessiya etdirəcəyəm. Qabağımı kəsən 15 kilo çəkidir (gülür). Hal-hazırda kikboksla məşğulam, hovuza gedirəm. İstədiyim çəkini bir aya, ay yarıma alacağam. Ya gərək aktrisa olmayasan, oldunsa, bu cür səhnələrə çəkilməyi qəbul etməlisən. Elələri var ki, pərdəarxası min oyundan çıxırlar, efirdə özlərini süddən çıxmış ağ qaşıq kimi göstərirlər. Bir sözlə, camaata əxlaq dərsi keçirlər. Deyirlər ki, mən açıq-saçıq səhnələrə çəkilmərəm. Bizdəki açıq-saçıq səhnələr Hollivudun ən "skromnu" səhnələridir (gülür). Buna görə çəkilmək olar. Təki yaxşı ssenari, rejissor olsun. Çoxdandır özüm çəkildiyim obrazlardan həzz almıram, baxmayaraq ki, hamı bəyənir.

- Maraqlıdır, nənə olanda da bu cür olacaqsınız, yoxsa dəyişəcəksiniz?

- Xeyr, hara dəyişirəm? Yaşamaq hər yaşda, hər halında gözəldir. Allahın verdiyi hər saniyə gözəldir. Çox şükür edirəm ki, Allah bu ömrü mənə verib. Övladım var, məni sevən tamaşaçılar, əzizlərim yanımdadır. Bundan gözəl həyatda nə ola bilər ki?

- Hansı layihə ilə tamaşaçılarınızı sevindirəcəksiniz?

- Açıq-saçıq fotosessiyanı eşidəndən sonra, qorxuram ki, layihəyə imkan verməsinlər (gülür).

- Qarşınızı kəsənlər var?

- Xeyr, zarafat etdim. Allah yol açandan sonra bəndə nə karədir ki?

- Sizin kimi insanın arzuları bitib-tükənməz. Özünüzə nə arzulayırsınız?

- Özüm-özümə tamaşaçı kimi baxanda həyəcan keçirəcəyim rollar arzu edirəm. Maraqlı televiziya layihəm var, onu da həyata keçirmək istəyirəm. Bu arada əməkdar artist Nicat Kazımovun quruluşcu rejissor olduğu yeni bir "Yol ayrıcı" serialında 3 əsas obrazdan birinə çəkilirəm. Məncə, tutarlı bir iş alınacaq. Nicatla biz Gənc Tamaşaçılar Teatrında birlikdə çalışmışıq, həmişə də onun işini bəyənmişəm. İndi də yüksək həzzlə onunla çalışıram. O, məndə aktrisa kimi nə yatdığını bildiyi üçün, fərqli şeylər alındırır. Sadəcə olaraq, serialın sponsora ehtiyacı var. Mənim yox haa, serialın sponsora ehtiyacı var (gülür).

Əli Rəhimoğlu
Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli