• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Özəl hərbi şirkətlər: yeni Qarabağ savaşına onlar da qatıla bilər

http://pia.az/photos/yjyujyuk00.jpg

Müharibənin taleyinə təsir edə biləcək ödənişli qeyri-rəsmi birləşmələr haqda nə bilirik?..

Uzaq üfüqlərdə, razılaşın, artıq növbəti Qarabağ savaşının səs uğultusu, alov sütunları görünməkdədir.

Artıq bəllidir-bu köhnə müharibənin yeni mərhələsi əvvəlkindən xeyli seçiləcək. Müharibə iştirakçıları arasında görəcəksiz, bu dəfə əsas yük düşəcək “Özəl hərbi hissələr” üzərinə.

Müharibə ilk növbədə həm də böyük, gəlirli biznes sahəsidir. Özəlləşmə kabusu artıq bu sahəni də öz çərçivələri əhatəsinə almaqdadır son zamanlar. Dünya piyasasında indi “Özəl hərbi hissələrə” ciddi tələbat yaranıb. Milyardlar indi bu şirkətlərin bank hesablarına, şişman cüzdanlarına axıdılır.

Yaxşı, nədi bu belə “Özəl hərbi hissələr”?

DOSYE: Özəl hərbi hissələr. Dünya tarixində ilk şəxsi, özəl hərbi hissə 1967-ci ildə Böyük Britaniyada, polkovnik Devid Sterlinqin rəhbərliyi altında yaradılıb, biləsiz. Sonralar oxşar təcrübə ABŞ ordusunda həyata keçirilib. “Vinnell Corp.” adlı bu özəl, şəxsi hərbi hissə 1974-cü ildən üzübəri Səudiyyə Ərəbistanında xüsusi, tam məxfi şəkildə fəaliyyət göstərib. Şirkətin bank hesablarına ilk 500 milyon dollarlıq pul çeki 1974-cü ildə daxil olub. “Vinnell Corp.”un Səudiyyə Ərəbistanındakı məxfi missiyası qoşa qanadlıdır - şirkət təkcə ər-Riyadın Milli Qvardiyasını gələcək döyüşlərə hazırlamaqla kifayətlənmir. Həm də bu ölkənin zəngin neft-qaz yataqlarını yadelli təxtribatçılardan qoruyur.

Pentaqon bu sahədə ilk ürkək addımlarını 1976-cı ildə, Anqola cəngəlliklərində atsa da, istədiyi nəticəni ala bilmir bu özəl qoşun hissələrindən. Anqoladakı vətəndaş müharibəsini böyük hesab fərqi ilə SSRİ-yə uduzur. Əsir alınmış muzdlular üzərində o vaxt Anqolada bir məhkəmə prosesi də keçirilir hətta. Bəlli olur ki, təkcə elə 96 Britaniya vətəndaşı qanunsuz olaraq bu müharibədə iştirak edərək öz bank hesablarını doldurub.

1999-cu ildə Pentaqon rəhbərliyi özünün tam məxfi “FM 100-21" qərarı ilə vəziyyəti hüquqi müstəvidə həll edir. ”İnnən belə biz öz bütün qanlı əməliyyatlarımızı özəl şirkətlərin əliylə həyata keçirəcəyik" - Pentaqon rəsmisinin bu səmimi etirafı, yadda saxlayın, məhz həmin vaxtlar mətbuata sızdırılıb.

SİFARİŞLƏRİ: Özəl hərbi qoşunların indiki sifariş zəmbili deyərdim az deyil, artıq 100 milyarddan çoxdu bəlkə də. Misal üçün, İraqdakı xarici özəl qoşunlar “Private Security Company Association of Iraq” (PSCAI) təşkilatında birləşib yaxşı pul qırpırlar Pentaqon xəzinəsindən. Özəl qoşunların bir başqa bol yeri Əfqanistandı. 2012-ci ildə bu başıbəlalı ölkədə özəl qoşunlar ABŞ ordusunun 10 faizini təşkil edib.

Şəxsi orduların sevib bəyəndiyi bir başqa ünvan isə qardaş Gürcüstandı. Artıq heç kimə sirr deyil - 2008-ci il Cənubi Osetiya müharibəsinə qədər, bu ölkədə “Defensive Shield”, “Global Comprehensive Security Transformation”, “Cubic” “MPRI” və nəhayət, “American Systems”, “Nirtal”, habelə “Kellog, Brown and Root” kimi ABŞ, İsrail şəxsi ordu hissələri, mütəxəssisləri fəaliyyət göstərib. Əməkdaşlıq indi özünə ikinci nəfəs qazanıb elə bil. Rəsmi Tiflis, öz hərbi strategiyasını məhz bu məxfi ordu hissələri üzərində qurub indi.

LİVİYADAKI CİNAYƏTLƏRİ: Qərb dövlətləri Müəmmər Qəddafiyə qarşı öz gizli cinayətlərində məhz bu özəl hərbi qoşunlardan geniş istifadə ediblər. Mətbuatda deyilir: “Fransa, Britaniya xüsusi təyinatlıları Liviya sahillərinə çıxınca hərbi fərqlənmə nişanlarını üstlərindən sökdülər. Özəl şəxsi qoşunların rəmzlərini sinələrinə, qollarına həkk edib cumdular Qəddafinin iqamətgahına. 2012-ci ilin may ayında Benqazi uğrunda gedən döyüşlərdə deyirsiz Fransa muzdlularının başçısı, ”Secepex" şirkətinin başçısı təsadüfən həlak olub, hə? Deməzdim. Qısası, Liviya, İraq, Yəmən, Suriya kimi qaynar nöqtələrdə Qərb dünyası “ilanı Seyid Əhməd əliylə tutmağa” üstünlük verir indi. “Seyid Əhməd” dedikdə biz, sözsüz, ilk olaraq məşhur “Blackwater Security Consulting”, “Erinys Iraq Limited” kimi ABŞ özəl hərbi hissələrini nəzərdə tuturuq. Müasir İraqın neft-qaz yataqları, boru kəmərləri bu özəl şirkətlər tərəfindən qorunur indi. Şirkətə qarşı İraqda kütləvi xalq nifrətini mövcuddu. Onu ən ağır cinayətlərdə, soyğunçuluqda ittiham edirlər. Misal üçün, 2004-cü ildə başsız insan kütləsi, İraqın əl-Fəlluca şəhərində bu şirkətin 4 üzvünü ələ keçirib sonra amansızcasına dar ağacından asıb. 2007-ci ildə şirkətin cinayət limiti tükənir lap. Şirkət muzdluları, Bağdadın ortasında günün günorta vaxtı xeyli iraqlının avtomat silahlarla darayıb şəhəri al-qana boyayırlar. Vəziyyəti “rusca” görən Pentaqon ikiəlli yapışır öz başından. Qərara gəlir izləri azdırmaq üçün şirkətin adını “Xe Service”, “Akademi” şəklində dəyişsin. Xoş nəticə özünü çox da gözlətmir bundan sonra. Şirkət 500 milyonluq bir müqavilə qarşılığında İraq ordusunun təlimlərinə qatılır.

Şirkətin, yadda saxlayın, Daşkənddə məxfi şöbəsi mövcuddu..

MƏXFİ SİYAHI: İlk sırada “DynCorp” şirkətidir. ABŞ-ın Strateji Neft Rezervini məhz bu şirkətin əskərləri qoruyur.

Kabuldakı ABŞ səfirliyini, habelə Əfqanistan prezidentini, maraqlıdı, sən demə, eyni “Triple Canopy” şirkəti qoruyur. BMT-nin İraq və Əfqanistandakı təhlükəsizliyi isə “Kroll” özəl hərbi şirkətinə tapşırılıb.
Siyahıdakı ilk top-onluğa həm də İsrailin “Levdan” şirkəti daxildi. Uzaq Afrika qitəsində bir çox milli ordu modelləri məhz bu şirkətin boz şinelindən çıxıb. Misal üçün, Konqo ordusuna əvvəl belçikalılar model verib. Sonra britaniyalılar, fransızlar. Hətta rusların belə bu ordunu ordu etmək arzusu, - daha nə deyim - alınmayıb. İsrail mütəxəssisləri isə nəhayət, şeytanın qıçını qırıb bu sahədə az-maz uğur qazanıblar.

HƏRBİ TƏRCÜMƏÇİLƏR: Bu strateji mühüm sahədə bütün pulları qatlayıb cibinə qoyan bircə şirkət tanıyıram bizim bu sarsaq dünyada. ABŞ-ın “CACİ” hərbi tərcüməçiləri dünyada yekdilər. Pulunu ver, gör sabahısı gün qapında ermənicə, azərbaycanca danışan nə qədər nadir mütəxəssis toplanıb.

HƏBSXANALARIN MÜHAFİZƏSİ: Uluslararası “Titan Corporation” şirkəti bir növ bizim müasir Pentensiar Mühafizə Xidmətini yada salır. Qoruduqları məhbəslərdən quş quşluğu ilə qaça bilməz. Misal üçün, dünya çapında məşhur bəzi terrorçuları məhz bu şirkətin yaraqlıları qoruyur.

XARİCİ “ANAMA”LAR: Bizdə, misal üçün, partlamamış hərbi sursatları döyüş meydanlarından bircə şirkət yığır. Xaricdə belələri bir deyil, iki deyil... Əlifbadakı həriflərin sayı qədərdi: RONCO, MAG, BACTEC, Armor Group, Minetech, EODT və s. i. və ilaxır.

AVİAKƏŞFİYYAT: Bu sahədə sözsüz lider “AirScans Inc.”, “Eagle Aviation Services & Technology” hərbi şirkətləridir. Pulunu ver, gör sabah bu şirkət Qarabağdakı erməni atəş nöqtələrinin dəqiq koordinatlarını bizə necə bittə-bittə ötürür.

MƏŞHUR İSİMLƏR: Dünya mətbuatında oturuşmuş qaydalar var-özəl hərbi şirkətlərin məxfi üzvləri adətən bir ağızdan “vəhşi qaz” adlanır. Vəhşi qazlar siyahısında ən məşhuru fransız Bob Denardı, bir də britaniyalı Maykl Hoar. Sonuncunun xatirələrində misal üçün, əsirlərin qazanda bişirilməsi kimi işgəncə epizodu mövcuddu. Belə yerdə bizə qalır ancaq “Heyvanına şükür, Allah!” ifadəsini işlətmək, vəssalam.


Xüsusi qeyd: məşhur Marqaret Tetçerin oğlu Mark da deyilənə görə, özəl hərbi şirkətlərlə sıx əməkdaşlığa cəlb edilib. Hələ anasının sağlığında o, Zimbabvedə dövlət çevrilişinə cəhd göstərib. Xainlik olmasa, bəlkə bu Mark Zimbabvedə hakimiyyət kürsüsündə əyləşmişdi indi. Anasının işini burda uğurla davam etdirirdi. Ancaq planlaşdırılan qəsd alınmır. Markı həbs edib xüsusi təyyarə ilə Londona, anasının yanına göndərirlər.

RUSİYA NÜMUNƏSİ: Rusiya Federasiyasında oxşar şöhrət çələngini öz boynunda “Vaqner” çağırış kodlu Dmitriy Utkin daşıyır. O deyir: “Biz hücuma adətən ön sıralarda gedirik, arxamızdakı uşaq-muşaqlar qorxa-qorxa, başlarını əyə-əyə bizi müşayiət edirlər. Əmək haqqımız yüksəkdi - hərbi əməliyyatlar zamanı ayda 240 min rubl qazancımız olur bəzən”.

“Vaqner”in başı döyüşlərə o qədər qatışıb ki, o hətta öz halal arvadı Yelena Şerbininanı unudub tam. Arvad yazıq, məcbur qalıb Mərkəzi TV-dəki “Məni axtar” verilişinə müraciət etsin. Efirdə göz yaşlarını saxlaya bilməyib. Dmitridən insafa gəlib evə qayıtmağını xahiş edib. Yəni bu məxfi insanı Rusiyada bir jurnalistlər çox axtarır, bir də halalca həyat yoldaşı.

Krasnodarın Molkino poliqonunda öz əsgərlərinə təlim keçən Dmitriy Utkin ötən il Kremldə bir dəstə hərbiçi tərkibində Vladimir Putinlə görüşüb. Hərbiçinin yaxasına “Rusiya qəhrəmanı” medalını, deyilənlərə inansaq, şəxsən Putin özü sancıb. Mərasimin fotoları indi bütün Rusiya mətbuatında tirajlanır.

ADSIZ MƏZARLAR: Suriyaya rus müdaxiləsindən sonra bu ölkədə adsız məzarların sayı günbəgün artmaqdadır. Misal üçün, ötən ilin martında Moskvanın Balaşixa qəsəbəsində bir neçə adsız məzar peyda olub. Dəfn edilənlərdən birinin Sergey Çupov olduğunu jurnalistlər sonradan öyrənirlər. Mövzunu mətbuatda müzakirəyə çıxardırlar. Bəlli olur ki, belə adsız məzarlar Rusiyada son zamanlar artan xətt şkalası üzrə xeyli çoxalıb. Yəni Suriyadakı əsas qanlı əməliyyatları Rusiya Müdafiə Nazirliyi özəl hərbi strukturlar xətti ilə həyata keçirir. Rəsmi məlumatlarda səsləndirilməyən bu statistika məxfidi. Yeddi möhür arxasında arxivlərdə gizlədilir.

TƏLƏBLƏR: Rusiya özəl hərbi şirkətlərinin namizədlərə tələbi sadədir. Bəzilərinin sifətində hətta gülünc ifadəsi doğura bilər: əvvəla, səndən avtobioqrafiyanı soruşurlar. Soraq tuturlar snayprsən, yoxsa topçu. Deyirlər, sənədlərini təhvil ver, sağ qalsan qayıdıb özünlə götürərsən. Sosial şəbəkələrdə fəallıq da burda təşviq olunmur. Narkomanlıq, içki aludəçiliyi kökündən inkar edilir. Əsas tələb xarici pasportdu. Hə, unutmuşdum az qala, bir də son iş yerindən arayış. Tibbi sənədlər, əvvəllər məhkum olmadığın barədə məlumat.

***

Qayıdıram yazımın əvvəlindəki əsas fikrimə. Bəli, bir də bəli. Sabah Qarabağdakı döyüşlərində özəl hərbi qoşunların iştirakı istisna deyil. Misal üçün, Rusiyanın “E.N.O.T. Corp” özəl hərbi şirkəti sənədlərdə milli-vətənpərvərlik klubu kimi göstərilir. Rəhbəri gör kimdi? - məşhur separatçı, LNR, DNR yanlısı A. Boroday! Mətbuat, yadda saxlayın, adətən onun adını FSB ilə yanaşı çəkir həmişə. Siyahıda nədənsə Dağlıq Qarabağın da adı mövcuddu. Könüllülərə hərdən deyilir ki, siz bu ünvana da gedib orda yaxşı pul qazana bilərsiz. Demək, bu sahədə biz ayıq olmalı, üzərimizə gələn təhlülkəyə qarşı indidən cavab tədbirləri görməliyik. Yoxsa sabah gec olar. (musavat.com)
Oxunma sayı:9

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası