"Zəfər Günü" - Ordusuna və prezidentinə inanan xalqın Bayramı
“Zəfər Günü”- Ordusuna və prezidentinə inanan xalqın Bayramı
44 gün əvvəl xalqımız qələbəyə gedən yolun təməli qoyulduğu 27 sentyabrı- “Anım Günü”nü kədər və göz yaşları, eyni zamanda başımızı dik tutaraq qürurla qeyd etdik. Bəli, bu tarixi qanunauyğunluqdur, müharibəyə cəlb edilmiş xalqın qələbəyə gedən yolda itkiləri qaçılmazdır. Başqa sözlə, 27 sentyabr olmasaydı, 8 Noyabr olmazdı. Bir şərtlə ki, millətdə, ölkəyə rəhbərlik edən şəxsdə qələbəyə sarsılmaz inam olsun.
Azərbaycanın bəxti gətirdi ki, həmin həlledici anda ona rəhbərlik edən şəxs-Prezident İlham Əliyevdə bu inam lap əvvəldən, hakimiyyətə gəldiyi ilk gündən olub. Hətta ümummilli lider Heydər Əliyev istər məcburi köçkünlərlə görüşlərdə, istərsə də ATƏT-in bədnam vasitəçiləri, o cümlədən Ermənistan rəhbərliyi ilə danışıqlarda əminliklə bəyan edirdi ki, Azərbaycan işğal altındakı torpaqlarını mütləq azad edəcək. H. Əliyevin layiqli davamçısı cənab İ. Əliyev bu möqeyi bir qədər də sərtləşdirərək bu gün də bəyan edir ki, Azərbaycan ərazisində 2-ci erməni dövlətinin yaranmasına heç bir halda imkan verməyəcəyik. Və tarixi faktlara istinadən beynəlxalq platformadan Münhendə keçirilən danışıqlarda bəyan edirdi ki, Ermənistan dövlətinin özü qədim Azərbaycan torpaqları hesabına cəmi 200 il əvvəl yaradılıb. O günə qədər Qarabağda erməni millətinə mənsub etniq qrup yaşamayıb. Ermənilərin bu ərazilərə köçürülməsi İranla çar Rusiyası arasında bağlanmış Kürəkçay, Gülüstan və Azərbaycanı iki yerə bölən Türkmənçay müqavilələrindən sonra başlanıb.
Azərbaycan hakimiyyəti qanunsuz işğal faktını dinc vasitələrlə aradan qaldırmaq üçün 28 il səbrlə danışıqlar apardı. Ancaq düşmən Azərbaycanın sülh çağırışlarını bu gün də gücsüzlük kimi qiymətləndirərək qulaqardına vurdu, yeni ərazilərimizi işğal etməklə hədələdi, əzələ nümayiş etdirdi. Hətta 2016-cı ilin Aprel döyüşlərindən də nəticə çıxarmadı. Əksinə, havadarlarının təhriki ilə 2020-ci ilin avqustunda Azərbaycanın strateji obyektlərinin yerləşdiyi Tovuz istiqamətində irimiqyaslı təxribat törətməyə cəhd göstərdi. Düşmənin növbəti belə bir cəhdi isə (27 sentyabr) müharibəni qaçılmaz etdi və Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz bütün cəbhə boyu əks-hücum keçərək zəfər yürüşünə başladı. Sonucda ordumuzun qalibiyyətli zəfər yürüşünə tab gətirməyən düşmən məğlubiyyətini etiraf edərək kaputilyasiya aktını imzalamağa məcbur oldu. Nəticədə cəmi 44 gün ərzində qəhraman döyüşçülərimiz işğal altındakı Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan (kaputilyasiyanın məntiqi nəticəsi kimi Ağdam, Kəlbəcər, Laçın) torpaqlarımızı yağı düşməndən azad edərək milli bayramlarımızdan olan “Bayraq Günü”nə bir gün qalmış-noyabrın 8-də Azərbaycanın qeyrət rəmzi olan Şuşa qalasında üçrəngli bayrağımızı dalğalandırdı. Və həmin gün ata vəsiyyətini yerinə yetirən ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev dost və düşmənin eşidə biləcəyi şəkildə bəyan etdi:
ŞUŞA SƏN AZADSAN! ƏZİZ ŞUŞA BİZ QAYITMIŞIQ! QARABAĞ AZƏRBAYCANDIR, ŞUŞA AZƏRBAYCANDIR!
Prezidentin 2020-ci il 3 dekabr fərmanı ilə 200 illik erməni-rus-fars işğalına nöqtə qoyan gün- “Zəfər Günü” elan edildi.
Təəssüf ki, Ermənistan və dəstəkçiləri hələ də baş verənlərdən nəticə çıxarmaq, iki ölkə arasında münasibətləri normallaşdırmağın vacibliyi dərk etmək istəmir, müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, heç vaxt reallaşmayacaq “müstəqil artsax” tezisin “diriltməklə” Qarabağda 34 il əvvəlki separatizmi yenidən körükləməyə cəhd göstərirlər. Revanşizmə can atan ermənilərə cənab prezidentin xəbərdarlığını da xatırlamaq yerinə düşər. Qalib Ali Baş Komandan bəyan edib ki, ölkəmizi təhdid edən revanşist qüvvələr harada baş qaldıracaqsa yerindəcə məhv ediləcək. 2 ay öncə Ermənistan-Azərbaycan sərhəddində baş verənlər bir daha ölkə prezidentinin qərarında nə qədər qətiyyətli olduğunu sübut etdi. Döyüş səhnəsində olduğu kimi diplomatik cəbhədə də uğurlu mübarizə aparan cənab İlham Əliyev bugünlər Soçidə keçirilmiş üçtəfli görüşdə də Qarabağ konfiliktini dirçəltməyə çalışanlara bir daha xatırlatdı ki, Qarabağ problemi artıq iki il əvvəl bitib.
Əlbəttə bu gün qeyd etdiyimiz “Zəfər Günü”nə çatmaq yolunda itkilərimiz də oldu. 3 min şəhid, minlərlə qazimiz qələbəyə gedən yolda canından, qanından keçdi. Sayğıyla anaraq qürurla qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsinin işirakçıları arasında Nazirliyimizin qəhrəman əməkdaşları da var.
Ədliyyə sisteminin əməkdaşları olaraq biz Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti bundan sonra da müdafiə edəcək, üzərimizə qoyulan hər bir tapşırığı peşəkarlıqla yerinə yetirəcəyik.
“Zəfər Günü” üçün can fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandanımıza cansağlığı arzulayırıq!
30 il bu günü gözləyən xalqım: Bayramınız mübarək olsun!
QARABAĞ AZƏRBAYCANDIR!
Malik Mahmudov, Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi
Paralel.az