• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Xaricə axan milyonları ölkədə saxlamağın yolu: daxili turizm - ARAŞDIRMA

http://img.day.az/2016/12/29/seyahet_esas_3.jpg

"Paralel.az" xəbər verir ki,İyunun 21-dən Azərbaycana yay fəsli daxil olub. Bu da ölkəyə turist axınını daha da artıracaq. Ölkənin yerləşdiyi coğrafi mövqe, qızmar günəş, dəniz və digər amillər turistlərin marağını cəlb edir. Həmçinin, Bakıda ənənəvi olaraq keçirilən Formula 1 Azərbaycan Qran Prisinə də çox sayda turist gələcək. Ona görə də cari il ölkəyə ötən illərdən fərqli olaraq daha çox turist axını gözlənilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu ilin turizm sahəsində sınaq ili olacağını qeyd edib. Nazir bildirib ki, keçən ilə nisbətən turistlərin sayı bu il çox olacaq: “Azərbaycanın turizm sənayesi mövsümün açılışına tam hazırdır. Azərbaycanda iyunun 15-dən sentyabrın 15-nə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir". Ə.Qarayev əlavə edib ki, Formula 1 yarışların keçiriləcəyi günlər üçün Azərbaycanda böyük mehmanxana şəbəkələrinin 95 faizi dolub, sifarişlər artıq verilib.
Azərbaycanın turizm sənayesi mövsüm açılışına tam hazır olsa da, yenə də bir sıra problemlər meydana çıxacaq. Bu, istər qiymətlərin baha olması, istərsə də xidmət sahəsində özünü büruzə verir və verəcək. “Report” yerli turizm obyektlərinin mövsümə nə dərəcədə hazır olmaları, mövcud problemlərlə bağlı ekspertlərin, turizm şirkətlərinin mövqeyini öyrənib.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda daxili turizm keçən illərə nisbətən indi daha böyük vüsət alıb: “Bu da həm Azərbaycandakı sabitlik, həm qonaqpərvərlik, həm də dünyada cərəyan edən hadisələrlə əlaqəlidir. Daxili turizmin inkişaf etməsinə səbəb ailələrin digər Avropa regionlarına az üz tutması ilə bağlıdır. Çünki həmin ölkələrdə hər gün terror hadisələri baş verir. Ona görə də insanlarımız məhz vətənlərində istirahət etməyə üstünlük verirlər. Bunun üçün də ölkədə bütün şərait var. Coğrafi mövqeyimiz də bu baxımdan çox əlverişlidir”.
Onun sözlərinə görə, manatın devalvasiyasından sonra da bu sahədə qiymətlər artmayıb, sabit qalıb: “Bu da xaricdən gələn qonaqlar üçün sərfəlidir. Həm ərəb ölkələrindən, həm İrandan, həm də Rusiyadan gələnlər üçün əlverişlidir. Regionlarda qiymətlərin münasib olması üçün yeni hotellərin və iaşə obyektlərinin inşasına ehtiyac var. Yəni həm beş, həm dörd, həm də üç ulduzlu hotellərlə yanaşı, bir və iki ulduzlu hostellər tikilməlidir. Bu da qiymət siyasətinə öz təsirini göstərə və rəqabət yarana bilər. Əks təqdirdə hotellər tələbat olduğuna görə qiyməti aşağı salmayacaq. Çünki yay vaxtı boş yer tapmaq olmur".
M.Ağakərimov deyib ki, regionlarda bu sahədə kadr məsələsi də zəifdir: "Ona görə də sahibkarlar buna diqqət yetirməlidir. Ofisiantların, barmenlərin yüksək səviyyədə xidmət göstərməsi üçün mütləq mütəmadi treninqlər keçirilməlidir. Çünki müştəri adətən ödədiyi pulun müqabilində istədiyi xidməti ala bilməməsindən şikayətlənir. Digər məsələ sanitar gigiyenik normalara diqqət yetirilməsidir. Çünki otaqlarda çarpayı dəstləri və camaşırlar təmiz və standartlara uyğun formada ağ rəngdə olmalıdır. Eyni zamanda, yeməklər keyfiyyətli və münasib qiymətə olmalıdır. Bununla da insanlar səyahət etdiyi yerdə üç gün yox, on gün qalmağa həvəsli olmalıdır. Turist bir yerdə nə qədər çox qalarsa, bir o qədər də çox gəlir gətirər. Lakin qiymətlər baha olarsa, yalnız iki-üç gün qalmaq istəyəcək. Bunları nəzərə almaq lazımdır".
Mütəxəssis qeyd edib ki, daxili turizmin inkişafı ölkəyə daha çox pul gətirər: "Qiymət siyasəti düzgün qurulsa və xidmət yüksək səviyyədə olsa, əhali artıq Gürcüstana və digər ölkələrə getməyə ehtiyac görməzlər. Qiymətlərin də aşağı düşməsi üçün yeni hotellərin inşasına zərurət var. Bu zamana kimi Azərbaycanda demək olar hostellər yox idi. Lakin son illərdə, əsasən də Bakıda daha geniş yayılıb. Hostellər ucuz olduğundan turistlərin daha çox marağını çəkir. Çünki turist ən çox gəzməyə vaxt ayırır. Onun üçün gecə yatması üçün yer lazımdır. Adətən, bahalı otellərdə beynəlxalq əhəmiyyətli tədbirlərə gələn biznes adamları qalır. Kütləvi turizmi inkişaf etdirmək üçün hostellərin və üç ulduzlu hotellərin fəaliyyətinə ehtiyac var. Xarici turistlər əsasən şimal-qərb (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) bölgələrimizə maraq göstərir. Daha sonra isə cənub bölgəsinə, yəni Masallı, Lənkəran, Lerik və Astaraya üz tutulur. Şimal-qərb zonasında yerləşən hotellərin qiyməti şimal-şərq zonasında yerləşən hotellərə nisbətən bahadır. Bunun da səbəbləri var. Belə ki, şimal-qərb zonasında yerləşən hotellərin keyfiyyəti yüksəkdir. Həm də turizm məkanlarını düzgün şəkildə təqdim və təbliğ etməyin də əhəmiyyəti böyükdür. "Turizm haqqında" yeni qanun layihəsində bir çox məsələlər öz əksini tapıb. Turizm reyestrinin olması da vacib addımdır. Çünki lisenziyaların ləğv olunmasından sonra yeni açılan turizm şirkətlərinin siyahısı tutulmalıdır”.
Turizm şirkətlərindən birinin nümayəndəsi Aydın Əhmədov vurğulayıb ki, hotellərin demək olar əksəriyyəti yay mövsümünə hazırdır: “Bu il ötən illərə nisbətən daha çox hazırlıq işləri gedir. Çünki ərəblərin və əcnəbilərin Azərbaycana gəlməsi artıb. Ramazan bayramı bitdikdən sonra ərəblərin yenidən ölkəmizə gəlməsi müşahidə ediləcək. Bütün hotellər də məhz bunu gözləyir. Keçən həftə həmin rayonları gəzdim və hotellərdə hazırlıqların yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdim. Problemlər sadəcə qiymətlərin baha olması ilə əlaqəlidir. Amma xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Keçən il regionlara göndərdiyimiz turistlər Qubadan qismən narazı qalmışdılar. Bu da adətən aşağı ulduzlu hotellərdə özünü büruzə verir. Lakin beşulduzlu hotellərdə problemlər müşahidə olunmur. Hotellərimizdə xaricdəki hotellərdəki bonus sistemi praktikası yoxdur".
Onun sözlərinə görə, turistlərin ən çox seçdiyi istiqamət Şamaxı, Qax, Qəbələ və Qubadır: "Səhər gedib axşam qayıtmaq 15-20 manat arası, səhər gedib ertəsi gün günorta qayıtmaq 25-35 manat arası təşkil edir. Əgər uzunmüddətli olarsa, hotellərdə bir sutka üçün qiymətlər 30-40 manatdan 280 manata qədər dəyişir. Bütün turlarımızın içərisində qiymətdən asılı olmayaraq, səhər yeməyi təklif olunur. Tur paketlərinin qiymətləri günorta və axşam yeməklərinin olub-olmamasına görə dəyişir. Ümumiyyətlə, xaricdən turist gələndə iki gün Bakıda qaldıqdan sonra regionlarımıza səfər edir. Hələ ki, bizim şirkətlərdən narazılıq etməyiblər. Ancaq cüzi narazılıqların olması qaçılmazdır, bu da nadir hallarda müşahidə oluna bilər. Keçən il yay mövsümündə hotellərə 1800 nəfər yerləşdirmişik. Bu ildən gözləntilərimiz daha çoxdur. Ən çox Rusiya, ərəb ölkələrindən, İran və Türkiyədən insanlar gəlir”.
Millət vəkili Musa Quliyev “Report”a açıqlamasında daxili turizmin inkişafı üçün dövlətin kifayət qədər işlər gördüyünü söyləyib: “Turizm haqqında” yeni qanun layihəsində də bu məqsədə xidmət edir. Əsas problem qiymət siyasəti ilə bağlıdır. Yəni qiymət siyasəti hər bir vətəndaşın yay və ya qış aylarında istədiyi zaman özünə uyğun şəkildə turizm obyektlərində istirahət edə bilməsi imkanına uyğun olmalıdır. Ona görə də Prezident İlham Əliyev beşulduzlu hotellərlə yanaşı, iki və üç ulduzlu hotellərin də tikilməsi və bu şəbəkənin də inkişaf etdirilməsi barədə göstəriş verdi. Bu sahədə də işlər görülür. əvvəlki illərlə müqayisədə Azərbaycanda daxili turizm inkişaf edir və göstəricilər müsbətdir".
Onun sözlərinə görə, kənd turizminin inkişafına da ciddi fikir verilməlidir: "Hər bir kənddə turizm obyekti tikməyə ehtiyac da yoxdur. Sadəcə əhaliyə müəyyən treninqlər keçirilməlidir. Ola bilsin, onlara aşağı faizli kreditlər verilərək evlərinin bir hissəsinin turizm obyekti kimi hazırlayaraq turistləri cəlb edə bilərlər. Bu, həm də kənd əhalisinin istehsal etdiyi məhsulların satılmasına da müsbət təsir edə bilər. İnsanlar bununla həm də ucuz qiymətə dincəlmək fürsəti əldə etmiş olarlar. Qəbələnin bəzi kəndlərində artıq bu imkanlar yaradılıb. Digər bölgələrdə də belə imkanlar yaradılarsa, bu, çox yaxşı olar".
Deputat kadr çatışmazlığının olduğunu da istisna etməyib: "Turizm sahəsində peşəkar mütəxəssislərin azlığı hər zaman nəzərə çarpır. Burada təkcə hotelçilik sahəsi üzrə deyil, bələdçilərin də sayı azdır. Həmçinin marketinq sahəsində də bugünkü İKT bacarığından istifadə edilərək turizm reklamının təşkilinin tərəfdarıyam”.
Oxunma sayı:42

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası