Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Demokratik inkişaf cəmiyyəti
tolerantlığa gətirib çıxarmalıdır

 

  24
19:41 12-09-2017
Şriftin ölçüsünü dəyiş  

Avropada tolerantlıqdan kifayət qədər danışılmasına baxmayaraq, bu gün orada bu anlayış öz mənasını itirməyə doğru gedir

 Bu gün biz tolerantlıqdan, multikultural dəyərlərdən danışırıqsa, burada demokratiyanın da rolunu qeyd etməliyik. Çünki tarixi təcrübə göstərir ki, sivilizasiynın inkişafının, ictimai quruculuğun və tənzimləmənin ən yaxşı forması demokratiyadır.
Demokratiya və liberalizm ideyalarının bütün dünyada geniş yayılması həm də onu sübut edir ki, bəşəriyyət yalnız demokratiyanın mövcudluğu şəraitində ümumi dil tapmağa, dialoqa qadirdir. Məhz bərabərhüquqlu subyektlərin (fərdlərin, qrupların, dövlətlərin, konfessiyanların, mədəniyyətlərin, sivilizasiyaların) əsas ünsiyyət forması və üsulu olan dialoq demokratik prinsiplərə söykənməklə qarşılıqlı anlaşmaya nail olmağa və qlobal məsələlərin həllində konsensus əldə etməyə imkan verir. Lakin, dialoq iştirakçılarının bərabərliyi o demək deyil ki, qeyri-demokratik ölkələr, avtoritar və totalitar rejimlər demokratik ölkələrlə bərabər perspektivlərə və imkanlara malik olmalıdırlar. Bu əsla belə deyil, sadəcə olaraq dialoq, xalqlar arasında siyasi, mədəni əlaqələrə, həm də ölkələrin daxili siyasi həyatına müsbət təsir göstərmək, xalqları demokratik dəyişikliklərə həvəsləndirmək, müsbət təcrübədən yararlanmaq imkanı yaradır.
Tolerantlıq və plüralizm isə fərdi anlayışlardır, lakin bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri birləşdirən  dəyərlər kimi qiymətləndirilir.
Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Bu mənada plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını özündə ehtiva edir. Əslində isə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır və bu şəraitdə proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil inkişaf edir.
Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə imkan tapır. Ölkəmizdə müxtəlif siyasi baxışlara malik liderlərin milli kimliklərini araşdırsaq, görərik ki, onlar da rəngarəng milli kimliklərə malikdirlər. Məhz bu da, Azərbaycandakı tolerantlığı stimullaşdıran amillərdən biridir.
Tolerantlıq da müasir dövrdə qəbul olunmuş dəyərlərdən biri kimi, günümüzün ən aktual mövzularından birinə çevrilib. Bu mənada ölkəmizdə Beynəlxalq Tolerantlıq Gününün keçirilməsi də dövlətimizin bu dəyərə verdiyi önəmin bariz nümunəsidir. Buna görə də, hər yerdə çox müsbət addım kimi qiymətləndirilir. Lakin bildiyiniz kimi, tolerantlıq anlayışının təhlili ciddi və müntəzəm araşdırma və yanaşma tələb edir. Çünki Avropada tolerantlıqdan kifayət qədər danışılmasına baxmayaraq, bu gün orada bu anlayış öz mənasını itirməyə doğru gedir. Bəziləri hətta bu dəyərdən imtina etməyi təklif edirlər ki, bu da çox təhlükəli tendensiyadır. Bütün dünyaya demokratiya ixrac etməyə can atan Avropanın tolerantlığa bu yanaşmasını isə başa düşmək çox çətindir. Bunun üçün də tolerantlığın mənasını düzgün dərk etmək lazımdır. Bunu bir dəyər kimi dərk etməklə psixoloji nöqteyi-nəzərdən yanaşaraq deyə bilərik ki, dözümlülük müəyyən çərçivəyə daxildir. Hər bir fərdin psixoloji durumu, mədəni səviyyəsi və düşüncə tərzinə uyğun olaraq millətlərarası etnopsixoloji fərqlər nəzərə alınmalıdır.
Eyni zamanda, onu da anlamaq lazımdır ki, tolerantlıq demokratiyanın bilavasitə insanla əlaqəli ayrılmaz bir parçasıdır. Demokratiyanın bir ölkə modeli əsasında digər bir ölkəyə tətbiq edilməsi mümkün olmadığı kimi, tolerantlığı da eynilə bütün dövlətlərə tətbiq etmək düzgün deyil. Demokratiya və tolerantlıq bir-birinə sıx bağlı olan məsələlərdir. Bu isə o deməkdir ki, müxtəlif ölkələrdə demokratik inkişafla bağlı gedən prosesləri gözdən keçirmək, eyni zamanda, milli dəyərləri qoruyub saxlamaq, bunları inqilab yolu ilə deyil, təkamül yolu ilə həyata keçirmək hər iki anlayışa şamil oluna biləcək yanaşmadır. Bəzi ölkələrdə isə tolerantlıq, sadəcə insan davranışı kateqoriyasına aid məsələ kimi təqdim olunduğundan, dünyanın hər yerində bu formatın tətbiq olunmasına edilən cəhdlər heç də uğurla nəticələnmir. Avropada, Norveç, hətta İraq kimi ölkələrdə tolerantlığın birmənalı tətbiqinin müxtəlif qanlı hadisələrə səbəb olduğu da tarixi faktdır. Ona görə də, tolerantlıq ümumi bir anlayış kimi hər bir ölkədə xalqın, millətin içərisində özünün təzahür formasını əks etdirməlidir.
Təəssüflə qeyd etməliyik ki, zaman keçdikcə dünyada tolerantlıq anlayışına münasibət də dəyişir. Bunun da müxtəlif obyektiv və subyektiv səbəbləri var. Məsələn,Yer kürəsində müşahidə olunan əhali artımı, böyüməkdə olan şəhərlər, dünyanın müxtəlif nöqtələrində yaşayan insanların bir-biri ilə rahat əlaqə qura bilməsi və geniş aspektdə məlumatlanma imkanları, eyni zamanda, ekoloji problemlərin mövcudluğu, içməli su probleminin gündəmə gətirilməsi, qida məsələsinin çox aktual bir problemə çevrilməsi, təhsil sahəsindəki dəyişikliklər, ailədə fərdlərin mövqeyi kimi məsələlərin kəskin şəkildə XXI əsrdə yenidən aktuallaşması tolerantlıq və qeyri-tolerantlığa təsir göstərən obyektiv səbəblərdir.
Subyektiv səbəblərə gəlincə, mədəniyyətlərin qovuşması məsələsini xüsusi qeyd etmək lazımdır. Dünyanın əksər ölkələrində ingilis dilində danışanların çoxluq təşkil etməsi ingilis dilində yazılan hər hansı fəlsəfi fikrin hamı tərəfindən dərinliklə başa düşüləcəyi mənasını vermir. Bu, xüsusilə Qərb dövlətlərində fərqli ölkələrdən gələn insanların inkişaf etmiş millətlə birlikdə yaşaması mümkün olmadığı üçün miqrantların yaşadıqları ölkələrdə özlərinin "balaca ölkələri"nin yaradılması ilə nəticələnir. Almaniyada yaşayan türklər, Nyu-Yorkda yaşayan və "ChinaTown" yaradan çinlilər, Londonda yaşayan pakistanlılar və yaxud Avropa, Fransa, Serbiya, Rumıniyada yaşayan roman milləti başqa mədəniyyətlə birləşmir, yerli cəmiyyətə, mədəniyyətə qovuşmadan kompakt şəkildə yaşayırlar.
Bunu eyni zamanda ərəb dövlətlərinə də aid etmək olar. Məsələn, Suriyada yaşayan ermənilər, türklər, sovet rejiminin dağılması ilə bu ölkəyə miqrasiya edən ruslar və digər xalqların nümayəndələri bu ölkənin əsas şəhərlərində kompakt şəkildə, icma formasında yaşayırlar ki, onlara da yerli əhalinin münasibəti birmənalı deyil. Çox ola bilsin ki, Suriyada son illər yaşanan faciəli hadisələr də, bu ölkədə mültikultural dəyərlərin və tolerantlığın oturuşmamasının nəticəsidir. Göründüyü kimi, multikulturalizmin və interkulturalizmin özündə gedən proseslərin düzgün təhlil olunması, dövlətlər tərəfindən siyasətin düzgün aparılmamasına gətirib çıxarır. Çox təəssüflər olsun ki, bu tendensiya bu gün Avropada da müşahidə olunur.
Bəşəriyyətin getdikcə artmaqda olan müxtəlifliyi, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin intensivliyi demokratiya faktorunun xüsusi dəyər kəsb etdiyini göstərir və onun inkişaf etdirilməsini şərtləndirir. Məhz, demokratiya bəşəriyyətin gələcək, münaqişəsiz inkişaf yolunun əsas təməli olmaqla, konsensus və tolerantlıq mühitinin formalaşmasına imkan yaradır. Dialoq isə sivilizasiya və mədəniyyətlərin açıqlığını tələb edir, açıq cəmiyyət ideyası isə sosial həyatın demokratik təşkili şəraitində təşəkkül tapır və möhkəmlənir.
Bu gün dünyada gedən proseslərin əsas meylləri ondan ibarətdir ki, ənənəvi cəmiyyətlərin transformasiyası və onların qabaqcıl ölkələr səviyyəsinə çatması, həm istehsal-texnoloji, həm də sosial-siyasi sahədə mövcud olan nailiyyətlərin mənimsənilməsi yolu ilə mümkündür. Sonuncular arasında həyat fəaliyyətinin demokratik nizamlanması formaları xüsusi əhəmiyyət kəsb edir. Qlobal problemlərin həllinə fövqəlmilli səylərdən, mədəniyyətlərin, ölkələrin dialoqundan kənarda nail olmaq mümkün deyil. Bu da öz növbəsində sivilizasiyalararası, mədəniyyətlərarası, dövlətlərarası münasibətlərin demokratikləşməsini tələb edir.
Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq forumlar, konfranslar, eyni zamanda ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində fəaliyyət göstərən təşkilatların xarici ölkələrə səfərləri mühüm əhəmiyyət kəsb edir. Çünki bu səfərlər, dövlətlər, xalqlar və dinlər arasında dialoq mühitini formalaşmasına xidmət edir. Keçən il Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçə səfəri və İsveçin mədəniyyət və demokratiya naziri xanım Alise Bah Kuhnke ilə görüşü xüsusi əhəmiyyətə malikdir. Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.
Nazir Alise Bah Kuhnke bu görüşün ölkələrimiz üçün faydalı olacağına inandığını deyib. İsveçli nazir ölkəsinin daxili siyasəti və müxtəlif dəyərləri barədə məlumat verib. O, irqçilik, terrorizm və qaçqın məsələləri kimi çağırışların İsveçin ən böyük problemləri olduğunu dilə gətirib. İsveçdə fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəkləndiyini bildirən nazir bununla bağlı milli agentliyin də mövcud olduğunu diqqətə çatdırıb. Bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayan Alise Bah Kuhnke bu baxımdan belə səfərlərin vacibliyini qeyd edib. Azərbaycan nümayəndələri ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər görüldüyünü diqqətə çatdıraraq, ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər münasibətin olduğunu vurğulayıblar.
Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən danışıblar və Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılması faktının bir çox dünya ölkələrində təəccüblə qarşılandığını, lakin ölkəmizdə bunun adi bir hal olduğunu bildiriblər.
O da xüsusi qeyd olunub ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyi və mədəni dəyərlərini qoruyur. Ölkədəki multikultural və tolerant dəyərlərə çox yüksək səviyyədə dəyər verən prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Bakıda ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Beynəlxalq Humanitar Forumun keçirildiyi də xüsusi qeyd olunub. 

“Paralel”in
Araşdırma Qrupu
 Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli